İcbari sığorta

İcbari sığorta (daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, sərnişinlərin icbari sığortası, işçilərin bədbəxt hadisələrdən icbari həyat sığortası) fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin edən sığorta növüdür.

İcbari sığorta

Mülkiyyətində avtomobili olan, yaxud avtomobilə faktiki sahibliyi həyata keçirən, yəni onu icarəyə götürmüş və ya еtibarnamə əsasında idarə еdən, yaxud digər qanuni əsaslarla istismar еdən hər bir şəxs avtomobilin Azərbaycan Respublikası ərazisində istifadəsi ilə bağlı mülki məsuliyyətini məcburi qaydada sığortalamalıdır.

Daşınmaz əmlakın icbari sığortası hüquqi və fiziki şəxslərə məxsus daşınmaz əmlakın – tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkiyə məruz qalması ilə bağlı zərərlərin əvəzinin ödənilməsini nəzərdə tutur.

Hüquqi şəxslər,həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərfaktiki sahib olduqları, həmçinin icarəyə götürdükləri və ya etibarnamə əsasında idarə etdikləri, yaxud digər qanuni əsaslarla sahib olduqları daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətini icbari qaydada sığortalamalıdırlar.

İcbari həyat sığortası istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığortadır.