Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası

Hüquqi şəxslər,həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər faktiki sahib olduqları, həmçinin icarəyə götürdükləri və ya etibarnamə əsasında idarə etdikləri, yaxud digər qanuni əsaslarla sahib olduqları daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətini icbari qaydada sığortalamalıdırlar.

Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müvafiq əmlakın istismarı, o cümlədən həmin əmlakın ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin həyata keçirilməsi zamanı üçüncü şəxslərin sağlamlığına və əmlakına dəymiş zərərin əvəzini ödənilməsi məqsədilə həyata keçirilir. 
Daşınmaz əmlak dedikdə hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən öz fəaliyyətlərini həyata keçirmək məqsədilə istismar edilən binalar, tikililər, qurğular, sahələr başa düşülür. 
Daşınmaz əmlakın istismar edilməsi, o cümlədən onun ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılması nəticəsində aşağıdakı hallarda zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəyən zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur:

  • elektrik və ya qaz cihazlarından istifadə nəticəsində yaranan yanğın, yaxud belə yanğının qarşısının alınması üçün görülən tədbirlərin nəticələri;
  • qaz partlayışı;
  • elektrik naqillərində baş verən qısa qapanma;
  • su, istilik və kanalizasiya xətlərində baş verən qəza nəticəsində subasma;
  • hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri.

Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə üçüncü şəxslər:

Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müqaviləsinin tərəfi olmayan, sığortalının hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən şəxslər, o cümlədən hər hansı əmlakın olduğu yerə, həmçinin inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparıldığı əraziyə giriş müvafiq qaydada qadağan olunmadığı halda, həmin əraziyə daxil olan şəxslər, habеlə onların ailə üzvləri üçün üçüncü şəxs sayılırlar.

Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilmişdir:

  • fiziki şəxslərin sağlamlığına dəyən zərər üzrə ümumi sığorta məbləği 50.000 manatdan çox olmamaq şərti ilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat;
  • əmlaka dəyən zərər üzrə 50.000 manat.